Mingəçevir Dövlət Universitetinin voleybol komandası şəhər turnirinin qalibi olub

 

2022-ci ilin 2-3 mart tarixlarində Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 5 Mart- Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş təhsil müəssisələri arasında voleybol üzrə şəhər turniri keçirilib.

Universitetin İdman-sağlamlıq kompleksində baş tutan turnirdə MDU, Mingəçevir Turizm Kollecinin tələbələri, Mingəçevir şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbi və Mingəçevir şəhər 14 saylı tam orta məktəbin şagirdlərindən ibarət komandalar mübarizə aparıblar. Şəhər turnirini qalibiyyətlə başa vuran MDU komandasının üzvləri kubok və diplomlarla mükafatlandırılıblar.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamına əsasən hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Gənclərin hərtərəfli inkişafını diqqət mərkəzində saxlayan MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin keçirilməsinə, o cümlədən şəhər və ətraf rayonlarda təşkil olunan müxtəlif formatlı idman yarışlarında iştiraka xüsusi önəm verilir.